Azərbaycan futbolu: səhvlərin təkrarı Oxucu fikri
- 10 Sen 2024 11:55
- 218
Slovakiya qarşısında 0:2 məğlubiyyət təəssüf ki, sürpriz olmadı və əslində, millimizin acınacaqlı durumunu bir daha üzə çıxardı. Son dövrlərdə milli komandamızın oyun səviyyəsi sürətlə geriləyir və bu məğlubiyyət, ölkə futbolunun ciddi böhran içində olduğunu açıq şəkildə göstərir.
Bir neçə gün əvvəl Ermənistan və Gürcüstan yığmalarının qələbələri isə bölgədə futbolun inkişafında nə qədər fərqli yollar seçildiyini göstərir. Ermənilər və gürcülər futbolda irəliləmək üçün düzgün addımlar atır, biz isə hələ də səhv üstündə səhv edirik, keçmişdə qalmış xəyallarla yaşayırıq.
Bəs bu vəziyyətin kökündə nə dayanır? Birincisi, ölkədə futbol infrastrukturu demək olar ki, yoxdur. Uşaq və yeniyetmə futboluna heç bir diqqət ayrılmır, peşəkar futbol isə sadəcə idarəetmə boşluqları və səhv qərarlarla doludur. Oyunçularımızın xaricə getməməsi və beynəlxalq səviyyədə təcrübəsizlik də bir o qədər böyük bir problem olaraq qarşımızdadır.
Bu məğlubiyyət təkcə komandanın zəif çıxışı ilə izah edilə bilməz. Bu, həm də federasiyanın başdan sona qədər iflas etdiyini və uzunmüddətli strategiyaların olmadığı bir vəziyyəti göstərir. Modern futbolda uğur qazanmaq üçün hərtərəfli dəyişikliklərə ehtiyac var. Təlim-məşq prosesi, fiziki və psixoloji hazırlıq sıfır səviyyəsindədir. Futbol akademiyalarında iş, demək olar ki, heç bir nəticə vermir.
Əgər bu cür məğlubiyyətlər davam edərsə, Azərbaycan futbolu tamamilə məhv olacaq və beynəlxalq arenada sadəcə mövcud olmaq belə bizim üçün arzuolunan bir xəyal olaraq qalacaq. İdmanda uğur təsadüfi deyil — o, planlı, məqsədyönlü iş, möhkəm baza və davamlı dəstəklə gəlir. Təəssüf ki, bizdə bu cür işlərin heç birindən əsər-əlamət yoxdur.
Bəhruz Mustafayev