
Azərbaycan futbolundakı “yapı”
- 11 Mar 2025 15:03
- 232
Azərbaycanlı futbolsevərlərin də yaxından maraqlandığı Türkiyə futbolunda son vaxtlar qəribə tendensiya yaranıb. Xüsusən də “Fənərbaxça” rəhbərliyi bu tendensiyanın ətrafında manipulyasiya edir, “Qalatasaray”ın qazandığı qələbələri şübhə altına salırlar. Söhbət ortaya atılan “yapı məsələsi”ndən gedir. Elə ki, “sarı bülbüllər” “Qalatasaray”dan geri qalmağa başlayır, iddia olunur ki, hansısa “gizli əl”, yaxud da onların diliylə desək “yapı” bu qurğunu qurur. Guya ki, “Qalatasaray” irəli dartılır, “Fənərbaxça” geri sürüklənir. Hər halda ortaya qoyulan hansısa konkret fakt yoxdur.
Azərbaycanda da oxşar hadisələr tez-tez yaşanıb. Düzdür, müəyyən fərqliliklər olur. Amma ümumən proseslərdə hansısa oxşar çalarlar tapmaq mümkündür. “Neftçi” illərdir ki, böhrandadır. “Ağ-qaralar” “Qarabağ”la rəqabəti açıq-aşkar uduzur. Koronavirus pandemiyası dövrünə təsadüf edən möcüzəvi çempionluğu saymasaq, Sadıq Sadıqovun klubdan uzaqlaşdırılmasından sonra ortada heç bir ciddi uğur yoxdur. Baxmayaraq ki, zaman-zaman rəhbərliklər, məşqçilər, Müşahidə Şurasının üzvləri, menecerlər və futbolçular dəyişir. Amma di gəl ki, “Neftçi”nin nəticələri dəyişmək bilmir.
Son mövsümlərdə “Neftçi”yə gəlib-gedən əcnəbi çalışdırıcıların sayını-hesabını itirmişik. Xaricdən gələn mütəxəssislərdən xeyir gəlmədiyini, əcnəbilərin “Neftçi”nin dərdinə dərman tapa bilmədiyini görən rəhbərlik yenidən üzünü Samir Abasova çevirdi. Az əvvəl qeyd etdiyim çempionluq qazanılarkən “Neftçi”nin baş məşqçisi olan Samir bəy yenidən “ağ-qaralar”ın sükanı arxasına qaytarılıb. Bunun üçün hətta “Sumqayıt”a təzminat da ödənilib. Amma və lakin “Neftçi”nin problemləri Abasovun gəlişiylə də türkün sözü, son bulmayıb.
“Neftçi” azarkeşlərinin sevərək işlətdikləri bir ifadə var. Eynisiylə “Fənərbaxça”nın iddia etdiyi “yapı məsələsi” kimi. Deyirlər ki, hansısa siyasi məsələlərə görə “Qarabağ” irəli çəkilir, Ağdam klubuna kömək edilir. Hətta “Qarabağ”ın ayağı bir qədər büdrəyən kimi başqa cür iddialar səslənir. Belə “məlum olur” ki, Qarabağ torpaqları erməni işğalından azad olunduğu üçün “Qarabağ” Futbol Klubuna da diqqət azalıb və bundan sonra Qurban Qurbanovun komandasını “irəli dartmayacaqlar”. Amma bir də görürük ki, “Qarabağ” yenə də “Neftçi”ni əyani mübarizədə məğlub etdi. Mövsümün 26 turu arxada qalıb. “Qarabağ” 63 xalla turnir cədvəlinin şəksiz lideridir, “Neftçi” isə 28 xalla 6-cı yeri tutur. Bu komandalar arasında xal fərqi 35-ə bərabərdir. Düz 35 xal!
Yetərincə ciddi fərqdir. Bu iki klubun şəxsi görüşlərini bir kənara qoyuram. Aradakı 35 xal da onun göstəricisidir ki, “Neftçi” “Qarabağ”ın birbaşa rəqibi deyil. Lap elə bu 35 xall da göstərici saymayaq. “Neftçi”nin “Kəpəz”, “Şamaxı” “Turan Tovuz”, “Sumqayıt”, “Səbail” kimi komandalarla qarşılaşmalarda ki, nəticələrinə baxaq. “Kəpəz”lə çempionatda üç dəfə qarşılaşan “Neftçi” bu görüşlərin ikisində məğlub olub. “Şamaxı”yla üç görüşdən ikisi bərabərliklə yekunlaşıb, “Səbail”lə iki görüşdən biri. “Sumqayıt”la görüşlərin nəticələri də ürəkaçan deyil: bir bərabərlik, bir məğlubiyyət. “Neftçi” üç qarşılaşmanın heç birində “Turan Tovuz”u üstələyə bilməyib. Baxmayaraq ki, sonuncu qarşılaşmada qərb təmsilçisi uzun müddət azlıqda oynadı.
Bütün bunlar detallardır, onların üzərində uzun müddət dayanmaq istəmirəm. Əsas odur ki, bu mənzərəni görəndən sonra Azərbaycan futbolunda “yapı var” deməyə adamın dili gəlmir.
Yazar haqqında
