Azərbaycan gimnastları Çexiyadan 7 medalla qayıdır
- 11 Apr 2022 11:15
- 569
Azərbaycan yığması Çexiyanın paytaxtı Praqa şəhərindəki aerobika gimnastikası üzrə açıq beynəlxalq turnirdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Rekord.az xəbər verir ki, komanda üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyiblər.
Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət "üçlük" (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrup (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.
Yığmanın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medala sahib çıxıb. Böyüklər arasında "üçlük" proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da ikinci olublar.
Qarışıq cütlüklər proqramında isə Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medal əldə ediblər.