Azərbaycan gimnastları Portuqaliyadan 11 medalla qayıdırlar
- 15 İyl 2024 15:45
- 237
Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” beynəlxalq yarışında 11 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdiriblər.
Batut gimnastikasının təmsilçiləri olan Ömər Qasımlı, Fərhad Vəliyev və Hüseyn Abbasov həm də ikili mini-batut üzərində güclərini sınayıblar.
Tamblinqçilər yarışı 3 qızıl və 1 gümüş medalla başa vurublar. Adil Hacızadə (29.500) və Aleksey Karataşov (97.000) qızıl medal qazanıblar. Tofiq Əliyev (29.100) isə gümüş medalla kifayətlənib. Həmçinin T.Əliyev, A.Hacızadə və B.Qurbanov komanda hesabında qalib gələrək ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olublar.
Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldublar. Belə ki, Hüseyn Abbasov (53.700), Ammar Baxşalıyev (51.230), Ömər Qasımlı (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əli Niftəliyevin (53.090) gümüş medala yiyələnib. Nicat Mirzəyev isə topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında 3-cü yeri tutublar. Beləliklə, batut yarışlarında təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə 6 medal əldə ediblər.
İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Hüseyn Abbasov final çıxışını 25.200 xalla başa vuraraq Azərbaycana daha bir qızıl medal qazandırıb.
“Scalabis Cup” iyulun 11-dən 13-nə qədər keçirilib.