Azərbaycan güləşçiləri bürünc medal uğrunda yarışacaq
- 15 Dek 2020 22:25
- 757
Bu gün Azərbaycanın daha iki qadın güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulub.
Rekord.az xəbər verir ki, əvvəlcə 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gəlib və rəqibinə uduzub - 2:4.
65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayıb. O, moldovalı İrina Rinqaçiyə 0:6 hesabı ilə məğlub olub.
Buna baxmayaraq, hər iki güləşçinin uduzduğu idmançılar finala vəsiqə qazandıqlarından onlar bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar.
Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.
57 kq
1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4
65 kq
1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) - 0:6