Azərbaycan güləşçilərindən Antalyada 10 medal
- 18 Mar 2024 23:00
- 238
Türkiyənin Antalya şəhərində güləş üzrə “Çempionlar” turniri keçirilib.
Rekord.az xəbər verir ki, martın 16-dan 18-dək U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edib.
Ənənəvi turnirdə idmançılarımız 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Antalyada iştirak edən sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə (65 kq) Sadiq Mustafazadə (86 kq) gümüş, Ruslan Abdullayev (61 kq), Ramik Heybətov (70 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb. Yığmamız komanda hesabında 3-cü yeri tutub.
Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla (53 kq) Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvina Kərimzadə (55 kq) və Nərgiz Səmədova (55 kq) isə bürünc medal əldə edib. Bu komandamız da yekunda 3-cü yeri tutub.
“Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.