Azərbaycan güləşçilərinin Göygöl toplanışı davam edir
- 09 Apr 2021 18:40
- 773
Azərbaycanın Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöldə təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, ötən həftənin ilk günlərindən Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilərimiz amerikalı mütəxəssisin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyev, qadınlardan ibarət komandamız isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qarşıdan gələn iki mühüm yarışa hazırlaşır. Xatırladaq ki, güləşçilərimiz ölkəmizi aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək.
Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcək.