Azərbaycan güləşçisi Dünya Seriyasında çempion oldu
- 13 Okt 2024 22:22
- 256
Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.
Rekord.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən güləşçilərdən Yusubov titulunu qoruyaraq üçüncü dəfə dünya çempionu adını qazanıb. Həsənov isə yekun nəticəyə əsasən, dünya ikincisi olub.
Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Aleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.
Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.