Azərbaycan idmançıları AÇ-də medal qazana bilmədilər
- 21 Fev 2023 23:26
- 383
Estoniyanın paytaxtı Tallin şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa çempionatına start verilib.
Rekord.az xəbər verir ki, ilk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Qılıncoynatmanın sablya növündə yeniyetmə qızların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Valentina Zeynalova təmsil edib. 2 il öncə Misirin paytaxtı Qahirə şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında yeniyetmə qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanan Zərifə bu dəfə Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, yarımfinalın bir addımlığında məğlub olub.
Qrup mərhələsində 4 qələbəsi olan Zərifə pley-offda keçirdiyi ilk görüşdə eston Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib. Ardınca isveçli Emma Ohman (15:8), rumın Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran Zərifə Hüseynova ən güclü 8-liyə vəsiqə qazanıb. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Zərifə rumın rəqibi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzub.
Digər təmsilçilərimizdən Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn Fidan növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benciuya (10:15) uduzub. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola (13:15) məğlub olub. Valentina Zeynalova isə pley-offa yüksələ bilməyib.
Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə təmsilçimiz Mirxətai Məmmədov qrup mərhələsində (2 qələbə) çıxışını başa vurub.