Azərbaycan karateçiləri Tokioya yollandı
- 28 İyl 2021 17:23
- 715
Azərbaycan karateçiləri Tokio-2020 Yay Olimpiya Oyunlarına yollanıblar.
Rekord.az xəbər verir ki, Bakıdan yola düşən Firdovsi Fərzəliyevlə (67 kq) Rafael Ağayevə (75 kq) İrina Zaretska (+61 kq) da qoşulacaq.
Olimpiadanın kumite yarışlarında kişi karateçiləri baş məşşqçi Qurban Tağıyev, qadın idmançını isə Denis Morozov müşayiət edəcək.
5-7 avqustda Nippon Budokan mərkəzində yarışların ilk günü Fərzəliyev mübarizəyə qoşulcaq. Ertəsi gün Ağayevin, avqustun 7-də isə Zaretskanın nəticəsi məlum olacaq.
Beynəlxalq dərəcəli hakim Cahangir Babayev karate yarışlarını idarə edən 15 hakim arasında olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov da Tokioda idmançılarla bir yerdə olacaq.
Qeyd edək ki, olimpiadanın proqramına ilk dəfə daxil edilən karate yarışları kumite üzrə birləşdirilmiş 6 çəki dərəcəsi (3 kişi və 3 qadınlar) və kata çıxışlarından (kişi və qadınlar) ibarət olacaq. Hər çəki dərəcəsi və kata nümayişində 2 qrupa bölünən 10 idmançı çıxış edəcək. Qruplardan iki ən yüksək nəticə göstərən karateçilər yarımfinalda, sonrakı mərhələnin qalibləri finalda, məğlub olanlar isə yeganə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Tokio olimpiadasında 34 ölkəni təmsil edən 82 karateçi mübarizə aparacaq.