Bu gün Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, qitə birinciliyinin son günündə Azərbaycan yığmasının da iştirakı ilə qarışıq komanda yarışı keçirilib.

Yığmamız mübarizəyə 1/4 finaldan başlayıb. Azərbaycan millisi bu mərhələdə təsnifatda Yunanıstanı üstələyən Xorvatiya komandası ilə üz-üzə gəlib. Ev sahibi ölkənin seçməsi ilə qarşılaşmada cüdoçularımız qələbəni vaxtından əvvəl təmin ediblər – 4:0. Lakin komandamız sonrakı mərhələdə uğurun ardını gətirə bilməyib. Finalın bir addımlığında Fransaya 1:4 hesabı ilə uduzan milli bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb.

Millimizin üçüncü yer uğrunda rəqibi Polşa kollektivi olub. Rəqibinə 4:2 hesabı ilə qalib gələn seçməmiz qitə birinciliyinin bürünc medalına sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan cüdoçuları fərdi yarışı səkkiz mükafatla başa vurub. Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev, Əbil Yusubov (hər ikisi 66 kq) və Əli Hacızadə (73 kq) bürünc medal qazanıb.