Haiti milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Azərbaycan seçməsi ilə üz-üzə gələcək.

Rekord.az xəbər verir ki, yığmanın baş məşqçisi Sebastien Miqne matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gözləntilərimiz əlbəttə ki, qələbədir. Sonda hər zaman bir qalib olur. Qələbə istəyini komandaya aşılamağa çalışırıq. Avropa təlim-məşq toplanışının son oyunudur. Bu oyun bizim qarşıdakı seçimlərimizlə bağlı suallarımıza cavab olacaq.

- Rəqiblə tanışsız?

- Bəli. Bizim skautlarımız var. Analitiklərimizlə rəqibi təhlil etmişik. Azərbaycan millisi Avropa komandasıdır. Ona görə də məlumat əldə etmək rahatdır. Mən daha çox oyunu öz komandam üzərindən düşünürəm. Azərbaycan millisi yaxşı rəqibdir.

- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiz?

- Müəyyən fikirlərim var. Hələ bir məşqimiz də olacaq. Həmin məşq bitdikdən sonra yekun heyətlə bağlı qərar verəcəm.

- Zədəli futbolçularınız var?

- Bura gətirilən 23 oyunçudan zədəli və ya hazır olmayan yoxdur. Hər kəs oynaya bilər. (Sportal)