Azərbaycan millisi Skopyedə birinci oldu
- 07 Noy 2019 14:41
- 974
Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) 11-ci çempionatı keçirilib.
Rekord.az xəbər verir ki, şobu ippon, şobu sanbon və WKF kumitesi üzrə keçirilən dünya çempionatında Azərbaycan idmançıları da iştirak edib. Ölkə klublarını təmsil edən müxtəlif yaşlı 116 idmançılmız ayrı-ayrı kateqoriyalarda çıxışlarında 72 qızıl, 53 gümüş və 77 bürünc medal qazanaraq 20 ölkə arasında ümumi nəticədə birinci yeri tutublar.
Yarışdan əvvəl WSF rəsmilərinin yığıncağında yeni təyinatlar elan olunub. Xatırladaq ki, Dünya Karate Federasiyası (WKF) İdarə heyətinin üzvü Esed Delihasan təşkilatın prezidenti, WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirov isə birinci vitse-prezident seçilib. Onlardan başqa Ercüment Taşdemir WSF-nin baş katibi, Adrian Popesku vitse-prezident, Kaxa Basiliya ikinci, Rossalin Rossalinov üçüncü, Xayrettin Xamurçu isə dördüncü vitse-prezident təyin edilib. Yaxın günlərdə isə WSF-nin yeni Azərbaycan nümayəndəsi təyin olunacaq.
WSF-nin 12-ci dünya çempionatı 2020-ci ildə İstanbulda keçiriləcək.