Azərbaycan millisindən Türkiyə xalqına dəstək
- 11 Fev 2023 11:45
- 546
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı başsağlığı verib. "Rekord.az" xəbər verir ki, qızlarımız qardaş Türkiyə xalqına dəstəklərini video-çarx vasitəsilə çatdırıblar. Voleybolçularımız "Biz, qadın voleybolçulardan ibarət Azərbaycan millisi, baş vermiş hadisədən çox sarsıldıq. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qardaş Türkiyə xalqına başsağlığı diləyirik. Möhkəm ol Türkiyə. Səninləyik Türkiyə" mətni ilə Türkiyə xalqına, türkiyəli həmkarlarına başsağlıqlarını çatdırıblar.
Qeyd edək ki, Azərbaycan millisinin iki üzvü də dəhşətli zəlzələnin baş verdiyi bölgədə olub. Hadisə zamanı Adanada olan "Çukurova BLD. Adana Demirspor" klubunda çıxış edən blokçumuz Olena Xarçenkonun yaşadığı bina xoşbəxtlikdən uçmayıb və o, xəsarət almayıb. Zəlzələni Aksarayda yaşayan hücumçumuz Polina Rəhimova da xəsarət almayıb. Bu şəhərdə nisbətən zəif hiss olunan zəlzələdə Polinanın yaşadığı evin divarlarında çatlar yaranıb.
Həmin video-çarxın linkini təqdim edirik:
https://youtube.com/shorts/gEspDfOXPds?feature=share