Azərbaycan millisinin üzvü beynəlxalq yarışda 9-cu oldu
- 27 Mar 2023 00:18
- 315
Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da Alanyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Syedra Ancient City" yarışında mübarizə aparıb.
Rekord.az xəbər verir ki, 11 komandanın tərkibində 61 velosipedçinin iştirak etdiyi birgünlük yarışda idmançılar şose velosipedinin qrup ötüşməsi növü üzrə güclərini sınayıblar. Alanyadan start götürən idmançılar 149 km məsafə qət edərək Syedrada finişə çatıblar.
Əsədov yarışda əzmlə mübarizə apararaq finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.
“Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.
Veloturun qalibi yunanıstanlı velosipedçi Polychronis Tzortzakıs olub (03:42:11).