Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yana Kulan (Matiasovska-Ağayeva) professional karyerasını başa vurub. "Rekord.az" xəbər verir ki, 35 yaşlı hücumçumuz çıxış etdiyi Yaponiyanın "Toray" klubu ilə dünən son matçını keçirib.

Slovak əsilli voleybolçu ilk dəfə 2010-2011-ci illər mövsümündə ölkəmizə gəlib və "Azərreyl"in formasını geyinib. 198 sm boya malik təcrübəli hücumçumuz son 5 mövsümü Yaponiyanın "Toray Arrows" klubunda keçirib. Kulan karyerası boyu Slovakiyanın "Bratislava" (2004-2005, 2005-2006), ABŞ-ın "Louisville Univ." (2006-2007, 2008-2009), Rusiyanın "Uraloçka" (2008-2009- 2009-2010), Azərbaycanın "Azərreyl" (2010-2011, 20130-2014) və "Azəryolservis" (2011-2012), Cənubi Koreyanın "Hyundai" (2012-2013), Türkiyənin "Çanakkale Belediyespor" (2014-2015, 2016-2017), "Balıkesir BBSK" (2015-2016) və "Beylikdüzü" (2017-2018) klublarında çıxış edib.

Azərbaycan millisi ilə bir çox beynəlxalq turnirlərə qatılan Yana "Avropa Qızıl Liqa"sı (2016) və "İslam Həmrəyliyi Oyunları"nda (2017) qızıl medal qazanıb, həmçinin 2015-ci ildə I Avropa Oyunlarında və 2017-ci il Avropa çempionatında 4-cü yeri tutub. Klub səviyyəsində isə çoxsaylı çempionluqlar, medal və şəxsi mükafatlar qazanıb.