Azərbaycan millisinin üzvü yenidən İndoneziya klubunda
- 19 Yan 2023 11:05
- 477
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyeva karyerasını yenidən İndoneziyada davam etdirəcək. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz bu ölkənin "Jakarta Elektrik" klubu ilə razılığa gəlib. Odina ən azı mövsümün sonuna kimi yeni klubunun uğurları üçün çalışacaq.
Mövsümə Filippində başlayan Əliyeva bu ölkənin çempionatının pley-offun 1/4 finalda mübarizəni dayandırmışdı. Bundan sonra millimizin blokçusu Mariya Kirilyukun da şərəfini qoruduğu Çinin "Shenzhen" klubuna keçən Əliyeva bu komanda ilə birinciliyin bürünc mükafatına sahib çıxıb.
Qeyd edək ki, Odina "Jakarta Elektrik"in heyətində ilk azərbaycanlı deyil. Daha bir hücumçumuz Ketarina Jidkova da mövsümün ikinci yarısından bu kollektivə qatılıb. Komandanın baş məşqçisi isə həmyerlimiz Ziya Rəcəbovdur.