Albaniyanın Dürres şəhərində Avropa Ağır Atletika Federasiyasının (EWF) növbəti konqresi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə iştirak edən 31 üzv federasiya arasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) nümayəndələri də - AAAF-ın baş katibi Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundov da olublar.

Konqresdə həm Avropa, həm də dünya ağır atletika federasiyasının (IWF) rəhbər şəxsləri iştirak edib. İclasda bir sıra məsələlər müzakirə olunub. Onların arasında ağır atletikanın bir idman növü olaraq inkişaf perspektivləri, bu istiqamətdə görüləcək işlər, həyata keçiriləcək proqram və planlar, beynəlxalq təlim-məşq toplanışları, antidopinq və feyr-pley seminarlarının təşkili, EWF-in yeni Konstitusiyasını qeyd etmək olar. Konqres zamanı həmçinin ağır atletikanın 2023-cü ildə Polşada keçiriləcək 3-cü Avropa Oyunlarının proqramına salınması üçün aparılan fasiləsiz çalışmalar da vurğulanıb.

Azərbaycan nümayəndə heyəti səfər zamanı bir sıra digər görüşlər də keçirib.