Azərbaycan Premyer Liqasının bərpası ilə bağlı yeni açıqlama
- 14 Apr 2020 11:00
- 1049
"UEFA videokonfransda son anadək gözləməyi tövsiyə edib. Yəni, çempionatın idman prinsiplərinin əsasında bitməsini xahiş edib. Eyni zamanda liqalarda iştirak edən komandaların da seçimi odur ki, çempionat axıra kimi oynanılsın. Peşəkar Futbol Liqası da çempionatı başa çatdırmaq istəyir".
Rekord.az xəbdər verir ki, bu sözləri qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib.
UEFA-nın koronavirusa görə dayandırılan çempionatların başa çatdırılması haqda tövsiyəsinə münasibət bildirən PFL rəsmisi hələlik bu məsələdə gözləmə mövqeyində olduqlarını qeyd edib: "Görək, bu məsələ hara kimi davam edəcək. Görünən odur ki, vəziyyət gündən-günə düzəlir. Dövlətimiz, tibb işçiləri virusla var gücləri ilə mübarizə aparırlar. Onlara təşəkkürümüzü bildiririk. Gün keçdikcə irəliləyiş olur, geriləmə yoxdur. Yəni, xəstə sayı azalır, sağalanlar isə çoxalır. Ona görə də hələ ki, konkret qərarımız yoxdur. Karantin rejiminin bitməsini gözləyirik".
O, indiki vəziyyətdə klublarla dialoqların aparıldığını da deyib: "Rəhbərlik daim klublarla əlaqədədir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov klub rəhbərləri ilə daim əlaqədədir. Bütün son qərarlar onlayn şəkildə müzakirə olunur. Düzdür, məlum səbəblərdən görüş keçirilmir. Amma onlayn şəkildə daim əlaqədə olurlar. Biz də Avropa Peşəkar Futbol Liqalarının videokonfranslarında iştirak edirik. Hətta, məlumatınız var idi ki, Belçika Peşəkar Futbol Liqası çempionatın dayandırılması ilə bağlı müraciət imzalamışdı. Yəni, aprel ayının 14-də bunu Belçikada təsdiqləməliydilər. Hətta mətbuatın yazdığına görə, bu təsdiqlənmə formal xarakter daşımalı idi. Artıq onlar da müddəti 10 gün uzadıblar. Yəni, onlar da tələsməməyə çalışır. Tələsik qərar vermək istəmirlər".
“Avropanın bəzi ölkələrində komandalar artıq məşqlərə başlayırlar. Ola bilərmi ki, karantin rejimində futbolçular istisna hal alsın. Yəni, futbolçuların qrup şəklində məşq etməsi ilə bağlı hökumətə müraciət edilsin?" Bu sualımızı A.Şahgəldiyev belə cavablandırıb:
"UEFA-nın tövsiyəsi odur ki, insan sağlamlığı hər şeydən öndədir. Orada da yerli qanunlar çərçivəsində addım atmaq, hərəkət etmək məshələt görülür. Ola bilər ki, hansısa ölkələrdə karantin rejimi sərtləşdirilmir, müəyyən qadağalar götürülür. Amma bizdə bu gün üçün hansısa dəyişiklik yoxdur. 10 nəfərdən artıq insanın toplaşmasına icazə verilmir. Təbii olaraq, icazə yoxdursa, onların məşq etməsi mümkün deyil. Amma Ramin Musayev də bildirib ki, çempionat bərpa olunsa, bizim dərhal oyunlara başlamaq niyyətimiz yoxdur. Klublarla görüş keçirib, futbolçuların formasının bərpası üçün məşqə neçə gün ayrılmalıdırsa və nə qədər ehtiyacları varsa, bunu nəzərə alacağıq. Hələlik klublarla görüş nəzərdə tutulmayıb. Çünki karantin rejimi davam edir. İndi görüşməyimiz heç nəyi dəyişməyəcək. Yəni, hər hansı bir əhəmiyyəti yoxdur. Hər şey bitəndən sonra görüş keçirə bilərik. İndi etsək belə, hər hansı bir informasiya vermək səlahiyyətində deyilik. Amma yenə də bildirirəm ki, onlayn şəkildə klublara məlumatlar çatdırılır".