Azərbaycan Premyer Liqasının daha iki turu təxirə salınır
- 14 Mar 2020 19:40
- 693
Futbol üzrə Azərbaycan Premyer Liqasında 23 və 24-cü, Birinci Divizionda isə 21 və 22-ci turun oyunları təxirə salınacaq.
Rekord.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
O, bildirib ki, ölkədə bir ay müddətinə bütün kütləvi tədbirlər ləğv olunduğu üçün belə bir addım atılıb: "Bütün idman qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Təbii ki, biz də bundan kənara çıxa bilmərik. Buna əməl olunacaq. Qarşılaşmalar stationlarda keçirilir və arenaların nə vaxt açılacağı tam bəlli deyil. Buna görə növbəti iki tur da təxirə salınır. Aprelin 14-dək bütün kütləvi tədbirlər ləğv olunub".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları 4-5 apreldə, 24-cü turun matçları isə 11-12 apreldə keçirilməli idi. Birinci Divizionda isə isə 21-ci tur 2-3 apreldə, 22-ci tur isə 9-10 apreldə olmalı idi.
PFL daha öncə Premyer Liqada 21 və 22-ci, Birinci Divizionda isə 20-ci turun təxirə salındığını açıqlayıb.