Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu
- 19 İyn 2022 22:38
- 522
Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbvaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib.
Pley-offda keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edən Anna, 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.
1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalıb gələrək, finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.
Millinin digər üzvlərindən Palina Kaspiaroviç də qrup mərhələsini 5 qələbə ilə bitirib. Palina Kaspiaroviç pley-offdakı ilk görüşündə Türkiyə təmsilçisi Deniz Ünlüdağı mübarizədən kənarlaşdırıb (15:7). Növbəti mərhələdə Palinanı digər təmsilçimiz Anna Başta mübarizədən kənarlaşdırıb.
Səbinə Kərimova qrupda 4 qələbə qazanıb. Pley-offda İtaliya sablyaçısı Miçela Battistonla qarşılaşan Səbinə Avropa çempionatında ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə rəqibinə 15:12 hesabı ilə qalib gəlib. Səbinə növbəti mərhələdə Fransa qılıncoynadanı Karolin Queroli ilə qarşılaşıb və 11:15 hesabı ilə uduzub.
Valeriya Bolşakova isə qrupda cəmi 2 qələbə qazanıb. O, ən güclü 32 idmançı arasına düşmək üçün ispan sablyaçı ilə görüşüb. Araceli Navarroya 10:15 hesabı ilə uduzan idmançımız mübarizəni erkən dayandırıb.