Azərbaycan qılıncoynadanları Gimnaziadada 4 medal qazandılar
- 29 Okt 2024 21:07
- 169
Azərbaycan qılıncoynadanları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 1 qızıl və 3 bürünc medal qazanblar.
Rekord.az xəbər verir ki, yeniyetmə qılıncoynadanımız Valentina Zeynalova qız sablyaçıların şəxsi yarışında qızıl medal qazanıb.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran Valentina pley-offda Misir və Rumıniya təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Çin qılıncoynadanı Mu Jinyuya 15:9 hesabı ilə qalib gələn Valentina Zeynalova Gimnaziadada qızıl medala layiq görülüb.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Leyla Əhmədova isə qız sablyaçıların şəxsi mübarizəsində pley-offda meksikalı rəqibinə qalib gəlsə də, finalın bir addımlığında çinli Mu Jinyuya uduzub.
Mirxətai Məmmədov və Emin Səfərbəyov isə qılıncoynatmanın şpaqa növündə oğlanların şəxsi yarışında bürünc medal qazanıb.
Hər iki şpaqaçımız qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Mirxətai pley-offda Oman və Çini təmsil edən rəqiblərini məğlub edərək yarımfinala yüksəlməklə bürünc təmin edib. Qılıncoynadanımız finala yüksəlmək uğrunda keçirilən görüşdə ukraynalı rəqibinə uduzub.
Pley-offda Səudiyyə Ərəbistanı şpaqaçısına qalib gələn Emin Səfərbəyov isə yarımfinalda turnirin qalibi Çin Taypeyini təmsil edən Li Ranqa məğlub olub.