Azərbaycan taekvondoçuları Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatının ilk gününü medalsız başa vurublar.

Rekord.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində xorvatiyalı Josip Teskeraya uduzub - 9:13.

63 kq-dakı Qasım Məhəmmədov 1/32 finalda ukraynalı Volodimir Bıstrovaya 20:8 hesabı ilə qalib gəlsə də, növbəti raundda belçikalı Açab Juadla bacarmayıb - 6:13.

Qadın taekvonduçulardan 49 kq-da yer alan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda almaniyalı Suparada Kisskaltaya yenilib - 7:18. 63 kq-dakı Röya Hacıyeva isə 1/32 finalda danimarkalı Luise Linqbeki 6:3 hesabı ilə udsa da, daha sonra almaniyalı Ela Aydınla dueldən məğlub ayrılıb - 1:12.

Bu gün həmçinin parataekvondo üzrə qitə yarışı da start götürüb. 58 kq-dakı Sabir Zeynalov özbəkistanlı Sanjarbəy Muntorova qalib gələrək yarımfinala yüksəlib və ən azından bürünc medalı özü üçün təmin edib. 47 kq-dakı Röyalə Fətəliyeva isə ilk görüşündə türkiyəli Nurcihan Ekinciyə 1:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Avropa çempionatı mayın 22-də başa çatacaq.