Azərbaycan Üzgüçülük Federasiyasında yeni planlar müzakirə olunub
- 27 Okt 2023 13:40
- 313
Azərbaycan Üzgüçülük Federasiyasında (AÜF) keçirilən görüşdə yeni planlar müzakirə olunub.
Rekord.az xəbər verir ki, tədbirdə AÜF prezidenti Xanlar Fətiyev, macarıstanlı idman direktoru İvan Petrov, baş katib Fəxri Həsənov, onun müavini Tamerlan Abdullazadə, icraçı direktor Kamran Hüseynov, millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov ölkədə su idman növlərinin, o cümlədən üzgüçülüyün inkişaf konsepsiyasını müzakirə ediblər.
Federasiya prezidenti son illər üzgüçülüyün Azərbaycanda inkişaf etdiyini, bu idman növünə uşaq və gənclərin marağının artdığını vurğulayıb. X.Fətiyev qeyd edib ki, üzgüçülük üzrə yığmanın yerli idmançılardan təşkil olunması, onların beynəlxalq yarışlarda yüksək yerlər uğrunda mübarizə aparmaları və Vətənə medallarla qayıtmaları federasiyanın işinin yüksələn xətt üzrə qurulduğundan xəbər verir: “Bu gün Azərbaycanın bütün bölgələrində üzgüçülüklə fəal məşğul olan yeniyetmələrimiz var. Gənclər və İdman Nazirliyi də bu idman növünə marağın və kütləviliyin artırılması istiqamətində federasiya ilə birgə müxtəlif yarışlar təşkil edir. Atılan bütün addımlar üzgüçülüyün inkişafında müsbət tendesiyanın formalaşmasına imkan verib.
İvan Petrovun idman direktoru təyin olunduqdan sonra görülən işləri və onun fəaliyyətini müsbət qiymətləndirən Xanlar Fətiyev bundan sonra daha peşəkar yanaşma olmasını, həm idmançıların, həm də məşqçilərin kvalifikasiyalarının artırılmasında daha böyük səylə çalışmaq lazım olduğunu vurğulayıb.
Federasiya rəhbəri gənc, qabiliyyətli və bacarıqlı idmançıların kəşf edilməsində, onların yerlərdə, eləcə də regionlarda araşdırılaraq müəyyən edilməsində, millinin tərkibinin peşəkar idmançılardan formalaşdırılmasında işlərin daha da gücləndirilməsi tapşırığını verib. X.Fətiyev yaxın illərdə su idman növlərinə marağın artırılması konsepsiyası üzərində işlərin artırılmasını istəyib.