Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə yığmasının üzvləri Kamran Zeynalov və Yelena Taranova Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.

Rekord.az xəbər verir ki, idmançılarımız miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olublar.

Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.

Daha öncə Aybəniz Babayeva da bu turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P2) gümüş medala sahib çıxmışdı.

Xatırladaq ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.