Azərbaycan yığması Avropanın ən yaxşılarından oldu
- 24 İyn 2024 12:10
- 545
15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Turnirdə geniş heyətlə çıxış edən komandamız uğurlu çıxışlarla yadda qalıb.
Atletlərimiz toplam 18 medal (– 8 qızılı, 5 gümüş və 5 bürünc) qazanaraq ən yaxşılar sırasında yer almağı bacarıblar. Qızlarımızdan Nuray Əbilova 1 gümüş (U-15, 40 kq), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kq), oğlanlardan isə Kamran Xappayev 3 qızıl (U-15, 61 kq), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kq), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kq), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kq), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kq) 1 gümüş və 2 bürünc medal qazanıblar.
U-15 yaş qrupunda birdən-birə 3 idmançımız toplamda qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ki, bu da tarixi uğurdur. 2018-ci ildə İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində yaş qruplarında komandalarımız ayrılıqda 2 qızıl medal qazanmışdı. Bundan başqa, Milanda oğlanlardan ibarət U-15 komandamız cəmi 13 medal qazanmışdısa, bu dəfə bu rəqəm 15-ə qalxıb.
Yuxarıda qeyd olunan nəticələrə əsasən, yığma komandaların Avropa reytinqi müəyyən edilib. Burada Azərbaycan komandası növbəti uğura imza atıb. Belə ki, yığmamız 15 yaşa qədər atletlər arasında Avropa birinciliyinin komanda hesabında 2-ci yeri tutub. Komandamız toplam 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.
İdmançılarımız Avropa birinciliyində fərdi uğurlarla da fərqləniblər. Burada ən güclülər Sinkleyr cədvəli üzrə müəyyən edilib.
Nuray Əbilova yaşı 15-ə qədər qızların yarışında toplam 106 kq nəticə və 447,82 xalla Avropa birinciliyinin 10 ən yaxşı atleti sırasında yer alıb.
Oğlanlarda bu yaş qrupunda 2 idmançımız ən yaxşılardan olub. 73 kq çəki dərəcəsində çıxış edən İsa Əliyev toplam 249 kq çəki ilə 488, 13 xal toplayaraq Avropa birinciliyinin ən yaxşıları sırasında 4-cü yeri tutub. 61 kq çəki dərəcəsində çıxış etmiş Kamran Xappayev isə toplam 227 kq nəticə və 522,42 xalla Avropa birinciliyinin ən yaxşı idmançıları sıralamasında 2-ci pillədə qərarlaşıb.