Misirin paytaxtı Qahirə şəhərində qılıncoynatmanın sablya növü üzrə qadın qıılıncoynadanlar arasında Dünya Kubokunun mərhələ yarışına yekun vurulub.


Rekord.az xəbər verir ki, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət qadın sablyaçılardan ibarət millimiz komanda yarışında 12-ci olub.


İlk görüşündə Hindistan yığmasını 45:29 hesabı ilə məğlub edən sablyaçılarımız ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya seçmə kollektivinə 35:45 hesab ilə uduzub.

9-16-cı yerlər uğrunda mübarizə aparan komandamız Almaniya millisinə 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə ispan rəqiblərinə 36:45 hesabı ilə məğlub olub.


Qadın sablyaçılarımız 11-ci yer uğrunda ABŞ yığmasına 32:45 hesabı ilə uduzub.


Şəxsi yarışda Palina Kaspiaroviç və Zərifə Hüseynova ən güclü 64-lüyə yüksəlsə də, 32-liyə adlamaq üçün keçirilən görüşlərdə məğlub olublar. Palina qadın sablyaçıların şəxsi yarışını qızl medalla bitirən Yunanıstan qılıncoynadanı Despina Georgiadouya 9:15 hesabı ilə uduzub. Zərifə isə amerikalı sablyaçı Maia Çemberleynə 10:15 hesabı ilə məğlub olub.