“Azərbaycan yığması təhlükəli rəqibdir” - Kaltsona
- 08 Sen 2024 00:05
- 142
“Ötən mövsüm Millətlər Liqasını bizdən öndə başa vuran güclü rəqiblə qarşılaşacağıq. Biz 100 faiz diqqətimizi cəmləyib əlimizdən gələni etməliyik. Azərbaycan sürətli hücum etmək bacarığına malik olan güclü rəqibdir. Onlar topu qazandıqdan sonra çox təhlükəlidirlər, ona görə də diqqətli olmalıyıq. Oxşar hadisə iki il əvvəl də olmuşdu”.
Rekord.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycana qarşı evdə keçirəcəkləri matç barədə danışarkən deyib.
O, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan millisinin İsveçə 1:3 hesabla uduzduğu oyundan danışıb: “Azərbaycanlı futbolçular penaltini və ya digər fürsətləri dəyəndirsəydilər, tamam başqa oyun ola bilərdi. Yaddan çıxarmayaq ki, Azərbaycan millisində yüksək keyfiyyətli oyunçular var. Biz həmişə qalib gəlmək üçün oynamalıyıq və bu, keyfiyyətli oyuna əsaslanmalıdır. Azərbaycan çox qol vurmur, bizim üçün də asan olmayacaq”.
Kaltsona Azərbaycana 2022-ci ildə uduzduqları oyundan da söz açıb: “Həmin oyun komanda ilə ilk matçlarımdan idi. Hələ komanda quruculuğunun əvvəlində idik. Oyunun gedişatını çox yaxşı xatırlayıram. Bu dəfə Koşitsedə tamam ayrı oyun olacaq. Biz buna ciddi yanaşmalıyıq, çünki Avropa futbolu yeni səviyyəyə çıxır. Biz taktiki və əqli cəhətdən xeyli inkişaf etmişik. Amma biz daha yaxşı olmalıyıq, çünki digər komandalar da inkişaf edir. Biz nail olduğumuzdan tam razı qalsaq, digərləri bizi gəlib keçəcəklər”.