Azərbaycan yığması Xorvatiyada birinci oldu
- 19 İyn 2022 11:20
- 2973
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində taekvondo üzrə “Croatia Open” beynəlxalq turnirinə qatılan Azərbaycan yığma komandaları uğurlu nəticələrə imza atıblar.
Rekord.az xəbər verir ki, yeniyetmələrdən ibarət yığma komanda açıq birincilikdə 7 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb. Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun etimad göstərdiyi heyətdə Zəhra İsayeva (-29 kq), Gülü Zamanlı (-33 kq), Mehdi Budaqlı (-33 kq), İlyas Hətəmli (-37 kq), Vüqar Aslanov (-45 kq), Tamerlan Yaqubov (-49 kq) və Vasif Səlimov (-53 kq) yarışın qalibi olublar. Səfər Behbudzadə (-33 kq), Abdülsübhan Dadaşlı (-57 kq) və Rahil Umudov (-61 kq) yalnız finalda məğlub olaraq, gümüş mükafata yiyələniblər. Yeniyetmə taekvondoçulardan Şəms Əlizadə (-47 kq), Yunis Hüseynov (-61 kq), Elcan Əlizadə (65 kq) və Nihad Həsənov (+65 kq) bürünc medala layiq görülüblər. Bu nəticələrdən sonra yeniyetmələrdən ibarət milli həm oğlanların, həm də qızların çəkisində birinci olub.
Gənclərdən ibarət yığma komanda isə turniri 7 medalla başa vurub. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yer ayırdığı heyətdə ən yaxşı nəticəni 42 kq çəki dərəcəsində Zemfira Həsənzadə göstərib. Qadın taekvondoçumuz yarışın gümüş medalına sahib çıxıb. Digər gənc taekvondoçulardan Pünhan Mürsəlov (-48 kq), Adil Eyvazov (-51 kq), Erkan İşli və Fərid Əliyev (hər ikisi -59 kq), Nizami Hacıyev (-63 kq) və Səlimə Quliyeva (-44 kq) turniri bürünc mükafatla başa vurublar.