Azərbaycan yığmasından son 17 ilin rekordu
- 28 Noy 2022 22:58
- 432
Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal əlavə edib.
Yığma üzvü İlyas Hətəmli yarışda mübarizəyə Ouen Haddadla (Fransa) başlayıb. 37 kq kq çəki dərəcəsində qüvvəsini sınayan taekvondoçumuz 1/4 finalda serbiyalı Pavle Svetkoviçə də heç bir şans verməyib. Yarımfinalda Konstantinos Tsaqkournosu (Yunanstan) da məğlub edən Hətəmli finalda Viktor Videla (İspanya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Bütün rəqiblərinə qalib gələn idmançı çempion tituluna yiyələnib.
Onun uğurunu Vasif Səlimov (53 kq) da təkrarlayıb. O, Svyatoslav Moskovtsev (Estoniya), Stanislav Mitkov (Bolqarstan), Nolhan Rosemont (Fransa) və Nüsrət Efe Çakıra (Türkiyə) qalib gələrək finala yüksəlib. Səlimov həlledici görüşdə də dayanqdan qalib ayrılıb. Finalda Qabriel Rosato (İtaliya) üzərində qələbə qazanan milli üzvü qızıl medala yiyələnib.
Elcan Əliyev (65 kq) Bilgin Abdullah (Almaniya), Dimos Pistolas (Yunanıstan) və Nikola Vitkovici (Serbiya) məğlub edib. O, finalda Ahmet Ceylanla (Türkiyə) qarşılaşıb. Rəqib üstün olduğundan Əliyev gümüş medala layiq görülüb.
Millimizə digər mükafatı Fuad Məhərləmli qazandırıb. 45 kq çəkidə döyüşən idmançı debütdə Batu Özkanı (Almanya) yarışdan kənarlaşdırıb. O, 1/4 finalda Artyom Roskaya (Moldova) da gücünü göstərib. Həmyerlimiz yarımfinalda Kristos Bakaleksiklə (Yunanıstan) qarşılaşıb. Görüş rəqibin xeyrinə bitib və Məhərrəmli yarışı bürünc medalla başa vurub.
Beləliklə, yığmamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 17 ilin rekordudur.
Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş, Mehdi Budaqlı (33 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb.
Azərbaycan yığması noyabrın 30-da Bakıya qayıdacaq.