Azərbaycana DÇ-də ilk medalı Heydərov qazandırdı
- 08 Okt 2022 19:20
- 436
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.
73 kq-da yer alan Rüstəm Orucov və Hidayət Heydərov tatami üzərinə çıxıb.
Orucov ilk görüşündə braziliyalı Daniel Karqninə uduzaraq, mundialla vidalaşıb.
Mübarizəyə 1/16 finaldan qoşulan Heydərov isə ardıcıl olaraq belçikalı Abdul Malik Umayev və özbəkistanlı Şaxram Axadova qalib gələrək, 1/4 finala adlayıb. O, bu mərhələdə italiyalı Manuel Lombardo ilə qarşılaşıb. Rəqibinə məğlub olan Heydərov yarımfinala vəsiqə şansını itirib. Əvəzində cüdoçumuz bürünc medal uğrunda təsəlliverici qarşılaşmada qüvvəsini sınayıb. Onun rəqibi kanadalı Artur Margelidon olub. Rəqibinə vazari ilə qalib gələn Heydərov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Medal uğrunda döyüşdəki rəqib isə israilli Tohar Butbul olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.
Xatırladaq ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk iki yarış günündə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməmişdi. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.