“Azərbaycana üstün gedirik” - “Qarabağ”la oyunda dubl edən futbolçu
- 21 Avq 2024 16:40
- 176
“İstədiyimizi etdik. Azərbaycana üstünlüklə gedirik. Daha bir neçə qol vurmaq imkanımız var idi. Amma bu da gözəl nəticədir. İndi növbəti çempionat oyununa hazırlaşmalıyıq".
Rekord.az "sportske"yə istinadən xəbər verir ki, bu sözləri "Dinamo"nun (Zaqreb) futbolçusu Sandro Kulenoviç ötən gecə Çempionlar Liqasının pley-offunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri görüş haqqında danışarkən deyib.
Meydana 63-cü dəqiqədə daxil olan və dubla imza atan 24 yaşlı hücumçu belə bir matçda fərqlənməyin gözəl hiss olduğunu bildirib: "Bu oyunda qol vurmaq gözəl hissdir. Xüsusən də bir xorvatiyalı üçün... Mən Zaqrebdə doğulmuşam və “Dinamo”da böyümüşəm. Biz yenə də diqqətli olmalıyıq".
Kulenoviç komanda yoldaşı Martin Baturinanın ona qol ötürməsi verməsi barədə də danışıb: "Baturinanın necə futbolçu olduğunu hamımız bilirik. Onun 10 nömrəli formanı geyinməyinin bir səbəbi var. Baturina qeyri-adi istedaddır. Ona verdiyi qol ötürməsinə görə təşəkkür edirəm. Bilmirəm ki, niyə özü qol vurmadı, mənə ötürmə etdi (gülür)".
"Qarabağ"la "Dinamo" arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.