Azərbaycana yer tapılmayan futbol dünyası...
- 06 Apr 2020 14:34
- 3184
Məşhur “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının konsertləri bizim gəncliyimizin ayrılmaz parçasıydı. Bu oğlanlar öz tamaşalarıyla bizim üzümüzü güldürür, günümüzün acı reallıqlarını şirin yumor və ustalıqla təqdim edirdilər. Həmin tamaşaların birində səsləndirilən “televiziya proqramı” səhnəsində belə bir epizod vardı: “Saat 19:00-da “Futbol da bir dünyadır”. Dərhal da əlavə edirdilər – bu dünyada Azərbaycana yer yoxdu!”
Bu söhbətin üzərindən 20 il, bəlkə də daha çox vaxt keçib. Mən həmin vaxt tələbə idim. Ali məktəbi bitirdim, hərbi xidmətə yollandım. Bakıda işlədim, sonra Qazaxıstana getdim. Uzun müddət orda yaşadım, sonra geri qayıtdım. Həyatımda o qədər dəyişiklik baş verib ki... Sizin də həyatınız bu cür axarla davam edib. Uşaqlar böyüyüb, böyüklər yaşlaşıb. Subaylar evlənib, oğul-uşaq sahibi olublar. Bir sözlə, çox şey dəyişib. Dəyişməyən bircə şey var ki, o da Azərbaycan futbolunun vəziyyətidi. Daha doğrusu, futbol dünyasında özümüzə yer tapa bilməməyimiz.
Bəli, ötən müddət ərzində AFFA-nın inzibati binası Hüsü Hacıyevdəki kirayələnən binadan Nobel prospektinə köçüb. Özü də artıq AFFA kirayənşin deyil, mülk sahibidi. AFFA-da çalışmaq, vəzifə sahibi olmaq günümüzün ən elitar iş yerlərindən sayılır. Heç nazirlikdə, polis və ya prokurorluqda işləyənlər belə sürətlə varlanıb, mal-mülk sahibi olmurlar. Futbolun inkişafına cavabdeh olanlar özləri üçün əsl krallara layiq həyat qurublar, AFFA-nın resurslarından geninə-boluna yararlanırlar. Bir dəfə dostlarımdan belə hadisə də eşitmişdim. Adam cibinin puluyla AFFA-nın futbol akademiyasındakı hovuza abonement alıb, işdən sonra üzməyə gedirmiş. Günlərin bir günü hovuzun qapısını bağlayıb, gələnləri içəri buraxmayıblar. Deyiblər ki, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev hazırda hovuzda dostlarıyla üzür, onlar çıxanda sonra başqaları buraxılacaq.
Son 20 ildə yüzlərlə əcnəbiyə Azərbaycanın neft pullarını yedizdirmişik. Adını da qoymuşuq “Azərbaycan futbolunun inkişafı”. Futbolun inkişafı adlanan bu məqsəd hər nədisə, sovet dövründə deyilən kommunizmə dönüb. O vaxtlar da insanları kommunizm nağılları ilə aldadır, işıqlı gələcək uğrunda dayanmadan çalışmağın vacibliyinə sadə xaqlı inandırırmışlar. Onlar da bütün ömürlərini kommunizmin uğrunda pambıq tarlalarında, tərəvəz istixanalarında, yaxud da zavod və fabriklərin dəzgahları arxasında keçirirdilər. Amma o kommunizm deyilən xoşbəxt həyat gəlib çıxmaq bilmirdi ki, bilmirdi. Hətta orta məktəblərdə şagirdlər üçün belə bir hekayə vardı. Üç nəfər şagird öz aralarında kommunizmi necə qurmaq istədiklərini müzakirə edirlər. Biri deyir ki, gözlərini yumub, kommunizm qurulduqdan sonra açmaq istəyir. Digəri isə ona etiraz edir, kommunizmin qurulmasında fəal iştirak etmək arzusundan, bunun vacibliyindən danışır.
Sözümün canı odu ki, artıq gözümüzü açmağın zamanıdı. Bəşəriyyəti əsarət altında saxlayan koronavirus bəlası hamızı evə həbs edib, indi düşünmək və nəticələr çıxarmaq üçün xeyli zamanımız var. Qoy, AFFA rəhbərliyi də bu zamanı yaxşı dəyərləndirsin, öz səhvlərini götür-qoy etsinlər. Heç kim öz hökmranlığı, var-dövləti ilə öyünməsin. Adicə bir virusun qarşısında hamımız bərabərik, gizlənməyə yer axtarırıq. Tezliklə bu bəladan qurtaraq, onda da işimizi vicdanla görək. Azərbaycana futbol dünyasında yer tapmaq lazımdı, hər gün bir əcnəbi çalışdırıcıya “sevgi məktubu” yazmaq yox!