Azərbaycanda keçiriləcək MDB Oyunlarına hazırlıq Minskdə müzakirə olunub
- 12 Sen 2024 16:20
- 199
III MDB Oyunları həm coğrafiyasına, həm də idman növlərinin sayına görə Azərbaycanda keçiriləcək ən böyük yarış olmağı vəd edir.
Rekord.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.
Nazir müavini işçi qrupunun üzvlərinə təşkilatçıların qərarı ilə əsas məkanın Gəncə şəhəri olacağı, yarışların isə ölkənin 15 şəhərində keçiriləcəyi Oyunlara hazırlıq barədə məlumat verib.
Belarusun paytaxtı Minskdə III MDB Oyunlarına hazırlıqla bağlı keçirilən iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
MDB İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin direktoru Aleksey Sazonovun sözlərinə görə, Azərbaycan tərəfi bu idman tədbirinə hazırlıqla bağlı xeyli iş görüb.
İclasın sonunda müzakirə olunan məsələlər və daxil olan təkliflər nəzərə alınmaqla Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən Oyunların proqramının işlənib tamamlanması ilə bağlı qərar qəbul edilib. Gələcəkdə proqram baxılmaq üçün MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına təqdim olunacaq.