Azərbaycanda mövsüm tamamlanmayacaq?
- 30 Mar 2020 14:00
- 814
“Çempionatın bərbası ilə bağlı dəqiq bir söz deyə bilmirəm. Çünki nə qədər ki, respublikada əmin-amanlıq bərpa olunmayıb, onu demə çətindir. Bəzən deyirlər ki, UEFA hansısa qərarı verib. UEFA-nın qərar verməsi ilə deyil ki... Bəlkə elə ölkələr olacaq ki, virus gec təmizlənəcək. Təki yaxşılıq və sağlıq olsun”.
Rekord.az xəbər verir ki, bu fikirləri “report”a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının nə zaman bərpa olunacağı barədə danışarkən deyib.
O bildirib ki, hər şey prosesin necə cərəyan edəcəyindən asılı olacaq: "10-15 gündən sonra desələr ki, artıq bu bəladan qurtardıq, klubların baş məşqçilərini yığıb, məsləhətləşmək olar. Onda onlara çempionata hazırlaşmaq üçün vaxt verə bilərik.
Yəqin ki, futbolçuların hazırlaşmasına 2-3 həftə bəs edər. Hər bir komandanın vəziyyəti eynidir. Klubların baş məşqçilərini bir yerə yığdıqdan sonra vaxt təyin edərik. Təki sakitlik olsun. Bu dəqiqə dəqiq vaxt demək çox çətindir”.
Musayev virusun təmizlənəcəyi vaxta qədər çempionatın uzana biləcəyini vurğulayıb: “Virus təmizlənəndən sonra isə futbolçuların bərpa olunması üçün bizə 2, maksimum 3 həftə vaxt lazımdır”.
PFL rəsmisi Premyer Liqanın yay aylarınadək uzanma variantına da münasibət bildirib: “İndi bizim deyəcəyimiz bütün sözlər əsassız olacaq. Biz virusun nə qədər davam edəcəyini bilmirik. Bu dəqiqə hara baxırsan, deyirlər ki, otur evdə, evdə qal.
Mənə bir yazı göndəriblər, Rusiyanın paytaxtı Moskvadan da müraciət edirlər ki, hörmətli azərbaycanlılar, evdə qalın. Bu dəqiqə məni narahat eləyən insanlardır. Futbol məni insanların taleyindən çox maraqlandırmır”.