Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən ilk dəfə pilot layihə olaraq ancaq qız idmançıların cüdo ilə məşğul olduğu klubun yaradılmasına dəstək verilib.

Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Əhmədli qəsəbəsində fəaliyyət göstərən klubda hazırda 40 nəfər yeniyetmə qız ödənişsiz olaraq bu idman növü ilə məşğul olur.

Dərslər dünya və Avropa mükafatçısı Kifayət Qasımova, həmçinin, paracüdo üzrə dünya və paraolimpiya çempionu Afaq Sultanova tərəfindən keçilir.

Qasımovanın sözlərinə görə, klubda qızların yüksək səviyyədə cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb: “Artıq qısa zamanda cüdo ilə məşğul olan qızların sayını artırmışıq. Klubun sırf qızlar üçün olması böyük üstünlükdür. Valideynlər bu təşəbbüsü çox yaxşı qarşılayırlar, həmçinin qızlar özünü məşq zamanı rahat hiss edirlər. Azərbaycan Cüdo Federasiyasına yaradılan imkana görə təşəkkür edirik. İnanırıq ki, yaxın gələcəkdə regionlarda da bu cür cüdo klublar və məktəblər fəaliyyətə başlayacaq".

Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların təmsilçiliyini artırmaqdır.