Azərbaycanı qran-pridə təmsil edəcək cüdoçular müəyyənləşdi
- 11 Sen 2024 18:30
- 253
Azərbaycanı Xorvatiyanın paytaxtı Zaqrebdəki qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.
Cüdoçular Rəşad Məmmədov (qadınlardan ibarət yığma), Elçin İsmayılov və Slavko Tekiçin (böyüklərdən ibarət yığma) rəhbərliyi altında çıxış edəcəklər.
Qadınların yarışında Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zaməddin Poladov (81 kq) və Vüqar Talıbov (90 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.
Sentyabrın 13-dən 15-dək keçiriləcək qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.