Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd təmsilçisi mübarizə aparıb.

73 kq çəki dərəcəsində yarışan Vüsal Qələndərzadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə üz-üzə gəlib. Bu rəqibinə də “ippon”la qalib gələn Qələndərzadə Avropa çempionu olub.

81 kq çəkidə çıxış edən Elcan Hacıyev də bütün rəqiblərini üstələyib və finala vəsiqə qazanıb. Onun da həlledici görüşdəki rəqibi italiyalı idmançı - Brayt Maddaloni Nosa olub. Rəqibinə 1 dəqiqə 25 saniyə ərzində “ippon”la qalib gələn Hacıyev Avropa çempionu olub.

Bu gün tatami üzərinə çıxan digər təmsilçilərimiz - Ömər Rəcəbli (81 kq) və Aytac Qardaşxanlı (63 kq) isə ilk görüşlərini qələbə ilə başa vursalar da, sonrakı dueldə uduzaraq mübarizəni dayandırıblar.

Xatırladaq ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal əldə etmişdi.