Azərbaycanın 3 boksçusu beynəlxalq turnirə qələbə ilə start verdi
- 23 Fev 2023 21:22
- 657
Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnirə start verilib.
Rekord.az xəbər verir ki, 25 ölkədən 361 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.
Gənc boksçularımızdan Tağı Nəsibov (54 kq) Matias Naqi (Macarıstan) ilə üz-üzə gəlib. Görüş 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə həmyerlimizin xeyrinə yekunlaşıb. Nəsibov 1/4 finalda ukraynalı Rəsul Quliyevlə döyüşəcək.
Yeniyetmələrdən ibarət millinin heyətində Vaqif Hacıyev (57 kq) də turnirə inamlı qələbə ilə başlayıb. Nikolas Varqa (Rumıniya) ilə qarşılaşan idmançı rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Miha Nikanı (Rumıniya) sınağa çəkəcək.
Hacıyevlə eyni çəkidə rinqə çıxan Orucəli Cavadzadə də görüşdən üstün ayrılıb. Andrey Qindaya 5:0 (30:27, 30:27, 30:27, 30:24, 30:25) hesabı ilə qalib gələn boksçumuz 1/4 finala yüksəlib. O, yarımfinala gedən yolda gürcüstanlı Akaki Basaria ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışa fevralın 27-də yekun vurulacaq.