Azərbaycanın 4 şahmatçısı tay-brekdə sevindi
- 04 Avq 2023 22:31
- 305
Azərbaycanın 4 şahmatçısı Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brekində qalib gəlib.
Rekord.az xəbər verir ki, Nicat Abasov Fransa təmsilçisi Loran Fressineni üstələyib. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.
Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyunda da heç-heçə qeydə alınıb. Yekunda 2,5:1,5 hesablı qələbə Məmmədovu üçüncü mərhələyə daşıyıb.
Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjarodan güclü olub. 20 yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.
Günün ən uzun davam edən matçlarından biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə başa çatandan sonra şahmatçılar hərəyə 1 qələbə qazanıblar. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.
Qeyd edək ki, 3-cü mərhələnin görüşləri avqustun 5-də keçiriləcək.