Azərbaycanın da iştirak edəcəyi AVRO-2023-ün baş tutacağı tarix bəlli oldu
- 23 Sen 2022 17:26
- 572
Qadın voleybolçular arasında 2023-cü ildə baş tutacaq növbəti Avropa çempionatının keçiriləcəyi tarix bəlli olub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin də çıxış edəcəyi yarış 15 avqust-3 sentyabr tarixlərində Belçika, Estoniya, Almaniya və İtaliyanın ev sahibliyi ilə təşkil olunacaq.
Azərbaycanın ardıcıl 10-cu dəfə iştirak edəcəyi qitə birinciliyinin finalları, mükafatlar uğrunda həlledici qarşılaşmaları Belçikada keçiriləcək. 24 yığma komandanın iştirak edəcəyi turnirin reqlamenti yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən bütün yarışlardan kənarlaşdırılan Rusiya millisinin gələn il baş tutacaq Avropa çempionatına buraxılıb-buraxılmayacağına dair qərar oktyabrın 31-də keçiriləcək iclasda veriləcək. Rusiyanın yarışa buraxılmayacağı təqdirdə İsrail birincilikdə iştirak hüququ qazanacaq.
Kişilərin qitə birinciliyi isə 28 avqust-16 sentyabr tarixlərində İtaliya, Bolqarıstan, Şimali Makedoniya və İsrailin ev sahibliyi ilə baş tutacaq. Rusiyanın kişilərdən ibarət yığması yarışa buraxılmazsa, o zaman iştirak hüququnu İsveç əldə edəcək.