Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adladı
- 28 May 2024 22:43
- 314
Tailandın paytaxtı Banqkokda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.
Rekord.az xəbər verir ki, yarışın beşinci gününün axşam sessiyasında Azərbaycan millisinin daha 2 idmançısı rinqə çıxıb.
Şamil Əsgərov (57 kq) 1/16 final çərçivəsində Rujakran Jantronqla (Tailand) üz-üzə gəlib. Görüş boksçumuzun 3:0 (30:26, 28:28, 30:26, 29:27, 28:28) hesablı qələbəsi ilə başa çatıb. O, üçüncü döyüşündə Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkəcək. Görüş mayın 30-da olacaq.
Zeynəb Rəhimova da adını 1/8 finala yazdırıb. 54 kq-da çıxış edən boksçumuz ilk döyüşündə İtati Zuletanı (Boliviya) mübarizədən kənarlaşdırıb. O, 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. Rəhimova növbəti görüşünü iyunun 1-də Ornella Havyarimanaya (Burundi) qarşı keçirəcək.
Lisenziya turniri iyunun 3-də yekunlaşacaq.