"Azərbaycanla görüşdə məsələni bir neçə dəfə həll edə bilərdik"
- 31 Okt 2019 12:42
- 950
"Uruqvay dünya reytinqində ilk "10-luq"da qərarlaşan komandadı. Düşünürəm ki, qələbə Uelslə qarşılaşma öncəsi futbolçulara əla motivasiya olar".
Rekord.az xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib. AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan macarlar noyabrın 15-də 68 min azarkeş tutumuna malik yeni "Ferens Puşkaş Arena"nın açılış matçında Uruqvayla yoldaşlıq görüşü keçirəcək.
Noyabrın 19-da isə komanda seçmə mərhələnin son matçında Uelsin qonağı olacaq. İtaliyalı mütəxəssis final mərhələsinə vəsiqə şanlarının öz əllərində olmadığını başa düşür:
"Macarıstanda futbola maraq vətənim İtaliyadakı kimidi. Futbolçulara bildirdim ki, əgər Uelsə Kardiffdə qalib gəlsək, bir az da bəxt bizim tərəfimizdə olsa, noyabrın 20-də çox şey əldə edə bilərik".
Macarıstan hazırda 12 xalla qrupda ikinci pillədə qərarlaşıb. Rossi Xorvatiya və Azərbaycanla ötən ay keçirilən oyunları da yada salıb: "Dünya ikincisi Xorvatiya ilə Splitdəki görüşdə 15 dəqiqə ərzində taktiki cəhətdən bir şey düşünməyə nə vaxt, nə də imkan var idi.
Məşqçi karyeram ərzində ilk dəfə komandam meydanda yox idi, güclər nisbəti bərabər deyildi. 0:3 hesablı məğlubiyyətdən cəmi 3 gün sonra Azərbaycanı qəbul edirdik.
Güclü rəqiblə qarşılaşırdıq və Split səfərindən sonra psixoloji sarsıntını üzərimizdən atmaq üçün cəmi 2 gün vaxtımız var idi. Azərbaycanla görüşdə məsələni bir neçə dəfə həll edə bilərdik. Layiq olduğumuz qolu da vurduq. Ancaq bəxtimiz gətirdi ki, hakim səhvə yol verdi və onların bərabərlik qolu sayılmadı".