Azərbaycanlı atletdən Avropa rekordu
- 10 Dek 2019 22:38
- 1287
İsrailin Eylat şəhərində 15 və 17 yaşa qədər yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Rekord.az xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Yaşı 15-ə qədər olan atletlərdə 73 kq çəki dərəcəsində Nurlan Məmmədzadə qüvvəsini sınayıb. O, birdən qaldırma hərəkətində 115 kq nəticə ilə 5-ci yeri tutub.
Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Nurlan 145 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin qalibi adını qazanıb. Yeniyetmə atletimiz bu çəkini qaldırmaqla eyni zamanda, öz yaş qrupunun bu çəkisində təkanla qaldırma hərəkətinin yeni Avropa rekordunu müəyyənləşdirib.
Nurlan Məmmədzadə toplam 260 kq (115+145) nəticə ilə yekun sıralamada ikinci yeri tutub.
Yaşı 15-ə qədər olan atletlərdə 71 kq çəki dərəcəsində Leyla Qurbanlı da qüvvəsini sınayıb. Atletimiz toplam 147 kq (64+83) nəticə ilə 7-ci yeri tutub.