Azərbaycanlı hakim: “Koronavirusa kimdən yoluxduğumu bilmədim”
- 20 Apr 2020 19:00
- 704
“Yediyim yeməklərdən dad və qoxu almırdım. Hətta ən tünd qoxuları da hiss etmirdim".
Rekord.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Türkiyədə koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov vəziyyəti barədə danışarkən deyib.
Gənc referi bildirib ki, xəstəxanaya məhz dad və iybilmə qabiliyyətini itirdikdən sonra müraciət edib: "Evdə yediyim yeməklərin ardıcıl iki gün dadını bilmədim. Sonra dezinfeksiya üçün üzümə kolonya (limonlu spirt) vurdum. Normalda adamın burnunu yandırır, amma onun belə, qoxusunu his etmədim. Bundan sonra narahat oldum və həkimə müraciət etdim".
Məmmədovun sözlərinə görə, əvvəlcə virus daşıyıcısı olduğunu bilməyib: "Həkimlər belə problemin olduğunu bilən kimi məni dərhal koronavirus şöbəsinə göndərdilər. Sən demə, iy və dad hiss etməmək virusun əlamətlərindən biri imiş".
Həmyerlimiz virusa kimdən yoluxduğunu bilmir: "Otaq yoldaşım 40 gün əvvəl - dərslər bağlananda ailəsinin yanına getdi. Evdə tək qalırdım. Karantin elan olunduqdan sonra bayıra çıxmamışam, heç kiminlə ünsiyyətdə olmamışam".
Xəstəxanaya yerləşdirildikdən sonra nəfəs almaqda çətinlik çəkdiyini bildirən hakim hazırda özünü yaxşı hiss etdiyini söyləyib: "Yeganə problem odur ki, hələ də dad və qoxu hiss etmirəm. Təngnəfəslik xəstəxanaya yerləşdirildikdən sonra oldu. Buna qədər elə şikayətim yox idi. Ümumi götürəndə isə səhhətim normaldır. Sonuncu testin cavabı hələ çıxmayıb".
Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.