Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.


Rekord.az xəbər verir ki, bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib.


Yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak ediblər. 


Mərasimdə yubilyarın adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.


Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara sertifikat təqdim edib.


Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.