Çimərlik voleybolu üzrə “AZERRAIL” klubu ilin ən yaxşıları sırasında yer alıb. "Rekord.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin keçirdiyi 2024-cü ilin yekunlarına dair sorğunun nəticəsinə görə “AZERRAIL”in qadınlardan ibarət çimərlik voleybolu komandası “İlin qadınlardan ibarət ən yaxşı komandası” nominasiyası üzrə 1-ci yerə, kişilərdən ibarət çimərlik voleybolu komandası isə “İlin kişilərdən ibarət ən yaxşı komandası” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.
Üç mərhələli sorğunun nəticələrinə görə kişilərdən ibarət komandalar arasında “Qarabağ” futbol klubu 1-ci, “Birbaşa” minifutbol komandası isə 3-cü yeri tutublar.
Qadınlardan ibarət komandalar üzrə sorğunun nəticəsinə görə 3х3 “Neftçi” basketbol komandası 2-ci, həndbol üzrə “Qarabağ” klubu isə 3-cü yerləri tutublar.
Qaliblərə mükafatlar nazirliyin yanvarın 9-da keçirdiyi 2024-cü ilin yekunlarına dair qala mərasimində təqdim olunub.
Xatırladaq ki, “AZERRAIL” klubunun çimərlik voleybolu üzrə qadınlardan və kişilərdən ibarət komandaları 10-13 oktyabr 2024-cü il tarixlərində Fransanın Montpellier şəhərində keçirilən klublararası “Avropa Kuboku”nda (Beach Volley European Cup) bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarını qazanıblar.