“Azəryol”un həndbolçusu Emil Sərxanov “Kür” komandası üzərində qələbədən sonra AHF-nin mətbuat xidmətinin suallarını cavablandırıb.

Rekord.az xəbər verir ki, o, həm sözügedən oyunla, həm də qarşıdakı mübarizə ilə bağlı düşüncələrini açıqlayıb.

- Çətin qələbə qazandınız. “Azəryol”un imkanlarını necə qiymətləndirirsiniz?
- Biz birinci oyunu bu komandaya uduzmuşduq. İkinci qarşılaşmada heç-heçə etmişdik. Düzdür, hər oyuna qələbə üçün çıxırıq, amma hələ ki, bu oyunda məqsədimizə çata bildik. Ümid edirəm ki, gələn oyunlarda da qələbə qazanarıq. “Azəryol” bununla da istəyini reallaşdıra bilər.

- Hər şey öz əlinizdədir, yoxsa, digər rəqiblərlərin də “Kür”dən xal alması lazımdır?
- Əlbəttə, ilk olaraq bu tapşırığı yerinə yetirmək özümüzdən asılıdır. Yaxşı oynayıb qələbə qazanmalıyıq. Səhv etmirəmsə, indiyədək 3-cü yerdə idik, amma ikinci yerlə fərqimiz elə də çox deyil. Gələn oyunlarda bundan da yaxşı oynayıb, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq.