Naxçıvanda, N sayli hərbi hissədə Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Sərhəd” hərbi-idman oyununun Babək rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edənlər qeyd edib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onlara vətənpərvərlik hisslərinin aşılanmasına və hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək edir.

3 komandanın iştirak etdiyi hərbi-idman oyununda komandalar sıra hazırlığı, süni nəzarət zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülməsi və yığılması, maneələrin dəf olunması, maskalanma və yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi mərhələləri üzrə öz qüvvələrini sınayıblar. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən hərbi-idman oyununun yekun nəticəsinə əsasən, Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin komandası I, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin komandası II, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qalib komandalara təşkilatçıların diplomları təqdim olunub. Məlumat üçün qeyd edək ki, I yerin sahibi olan Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin komandası II mərhələdə, yəni Naxçıvan Muxtra Respublika zona mərhələsində Babək rayonunu təmsil edəcək.