Fevralın 13-də Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (IJF), Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri iştirak ediblər.


Rekord.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə direktoru Məhəmməd Meridja Bakı Böyük Dəbilqə 2025 turnirinin nüfuzlu turnir olması ilə yanaşı, həm də komanda ruhunun, dostluğun və qlobal cüdo icmasının bayramı olduğunu vurğulayıb. O, bu nüfuzlu turnirin dünyanın müxtəlif ölkələrindən cüdoçuları bir araya gətirdiyini, onların bir-biri ilə əlaqə qurmasına və təcrübə mübadiləsi aparmasına imkan yaratdığını qeyd edib. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin adından Azərbaycan Cüdo Federasiyasına və turnirin təşkilatçılarına bu möhtəşəm tədbirə görə dərin təşəkkürünü bildirib.


ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu tədbir iştirakçılarını Azərbaycan Cüdo Federasiyası adından salamlayaraq Bakı Böyük Dəbilqə turnirinin ölkədə keçirilən ən nüfuzlu beynəlxalq yarışlardan biri olduğunu qeyd edib. O, bu turnirin dünyanın ən güclü cüdoçularını bir araya gətirərək yüksək səviyyəli rəqabət yaratdığını vurğulayıb.


Son dördillik dövrə toxunan Rəşad Rəsullu bu müddət ərzində dəyərli təcrübə qazandıqlarını və mühüm nailiyyətlər əldə etdiklərini, xüsusilə Paris 2024 Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanmağın böyük uğur olduğunu bildirib. Yeni Olimpiya  dövrünə, qarşıdakı imkan və çağırışlara hazır olduqlarını, böyük uğurlar əldə etməyi hədəflədiklərini qeyd edib.


Daha sonra IJF-in hakimlər komissiyasının baş direktoru Daniel Laskau turnir haqqında ətraflı məlumat verərək, püşkatma mərasiminə start verib.


Qeyd edək ki, Bakı Böyük Dəbilqə turniri 14-16 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.